ELM VƏ TƏHSİL
Məktəblərdə inklüziv təhsilə dəstək məqsədilə təlimlər təşkil olunub








Bakı, 28 sentyabr, AZƏRTAC
Təhsil İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – III mərhələ” adlı layihə çərçivəsində müxtəlif hədəf kütlələri üçün təlimlər və görüşlər təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əlilliyi olan uşaqların inklüziv siniflərə seçimini apararaq inklüziv təhsilin təşkilində ən mühüm rollardan birinə sahib olan psixoloji-tibbi-pedaqoji komissiyalara fəaliyyətlərində dəstək vermək məqsədilə 13 region (Bakı, Abşeron, Quba, Şirvan, Xaçmaz, Qəbələ, Gəncə, Qazax, Tovuz, Şəki, İmişli, Astara və Ağcabədi) üzrə 71 komissiya üzvü ilə təlim və görüşlər keçirilib. Müdavimlərlə inklüziv təhsil və inklüzivlik, onların inklüziv təhsildə rolu, şagirdlərin müəyyənləşdirilməsi meyarları və müvafiq qanunvericilik kimi mövzulara toxunulub, layihə haqqında məlumat verilib.
Bundan əlavə, inklüziv təhsil tətbiq olunan ümumi təhsil müəssisələrinin müvafiq məktəb heyəti ilə “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda təlimlər təşkil olunub. Ümumilikdə 534 nəfərin iştirak etdiyi təlimlərdə inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, inklüzivliyin əsasları, əlilliyə tibbi və sosial yanaşma, uşaqyönümlü pedaqogika, universal öyrənmə dizaynı, inklüziv pedaqoji fəaliyyətin təşkili kimi mövzular müzakirə olunub, səmərəli inklüziv təhsil üçün məktəb icması, müəllim, valideyn və şagirdlər arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, layihə çərçivəsində məktəblərdə inklüziv təhsilin təşkilində dəstək olmaq üçün bir sıra fəaliyyətlərin icra olunması nəzərdə tutulur.