Məktəblilər hava proqnozlarının hazırlanması ilə tanış olublar
Bakı, 29 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatı Nigar Məmmədovanın təşəbbüsü ilə Abşeron rayonunun Qobu qəsəbəsinin Ə.İbrahimov adına 2 nömrəli tam orta məktəbinin və Güzdək qəsəbə tam orta məktəbinin şagirdlərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə ekskursiyası təşkil olunub.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı uşaqlar hava müşahidələrinin aparılması və hava proqnozlarının hazırlanması prosesləri ilə yaxından tanış olub, onlara hidrometeorologiyanın gündəlik həyatımızda və ölkənin ekoloji təhlükəsizliyində oynadığı mühüm rol haqqında geniş izahlar verilib.
Şagirdlər nəzəri və praktiki biliklər əldə etməklə yanaşı, mütəxəssislərlə sual-cavab formatında fikir mübadiləsi aparıb.
“Belə tədbirlər uşaqlarda təbiətə sevgi, ekoloji məsuliyyət hissi və gələcək nəsillərin daha ekoloji şüurlu yetişməsinə böyük töhfə verir”, - deyə məlumatda bildirilib.