MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI BAKIDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Tədbirdə 11 saylı Qaradağ, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 13 saylı Əzizbəyov I, 14 saylı Əzizbəyov II, 27 saylı Sabunçu II, 28 saylı Sabunçu III, 44 saylı Sumqayıt-Abşeron və 45 saylı Abşeron seçki dairələri dairə və məntəqə seçki komissiyalarının sədrləri və üzvləri iştirak etmişlər.
Seminar-müşavirəni giriş sözü ilə MSK-nın üzvü Tamam Cəfərova açmış, tədbirin məqsəd və məramından danışmışdır.
Sonra dairə seçki komissiyaları sədrlərinin görülmüş işlər barədə hesabatları dinlənilmiş, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Bildirilmişdir ki, 8 dairə və 47 məntəqədə seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün bütün tədbirlər görülür, seçici siyahıları bir daha dəqiqləşdirilir, dairə və məntəqə seçki komissiyaları telefon, kompyuter və digər lazımi avadanlıqla təmin olunur.
MSK-nın katibi Natiq Məmmədov seçkilərə hazırlıqla əlaqədar qarşıda duran vəzifələrdən danışmış, ərizələrin, imza vərəqələrinin doldurulması, ekspert qrupunun yaradılması, seçici siyahılarının hazırlanması və dürüstləşdirilməsi, ümumən sənədlərlə iş barədə Seçki Məcəlləsində qanunla müəyyən edilmiş qaydalara dair ətraflı şərh vermişdir.