MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA MƏTBUAT KONFRANSI
Bu seçkilərin də ölkəmizin həyatında mühüm hadisə olduğunu söyləyən komissiyanın sədri bildirdi ki, oktyabrın 6-da respublikada 603 bələdiyyəyə 1931 üzv seçilməsi üçün 82 dairənin 940 məntəqəsində səsvermə keçirilmişdir. “Seçkilər” İnformasiya Mərkəzi gün ərzində seçkilərin gedişi barədə müntəzəm məlumat yaymışdır. Seçkilərdə seçici siyahılarına daxil edilmiş 805 min nəfərdən yuxarı seçicinin yekun nəticəyə görə 33,90 faizi iştirak etmişdir. Bu gün 164 bələdiyyəyə tam tərkibdə, 141 bələdiyyəyə təkrara, 37 bələdiyyəyə əlavə, 305 bələdiyyəyə yeni, 22 bələdiyyəyə isə ilk dəfə seçki keçirilmişdir. Səsvermənin gedişini səhər saat 7-dən seçkilər başa çatanadək 9 mindən yuxarı yerli və beynəlxalq müşahidəçi, namizədlərin 450 nəfər vəkili, kütləvi informasiya vasitələrinin çoxsaylı təmsilçiləri izləmişlər.
MSK-nın sədri bildirdi ki, bu seçkilərdə şəffaflıq və qayda-qanuna əməl edilməsi baxımından qarşıya qoyulmuş məqsədə nail olunmuşdur. Hazırda dairələrdə və məntəqələrdə səslərin hesablanması və yekun protokolların tərtib edilməsi prosesi davam edir. Seçkilərin yekun protokolları iki gün ərzində MSK-ya təqdim ediləcəkdir.
Seçkilərin şəffaf və qanunun tələbləri səviyyəsində keçirilməsi barədə beynəlxalq və yerli müşahidəçilərdən çoxsaylı razılıq zənglərinin edildiyini bildirən M.Pənahov dedi ki, gün ərzində MSK-ya rəsmi şəkildə cəmi 2 şikayət daxil olmuşdur. 79 saylı İmişli seçki dairəsindən göndərilmiş şikayət biz mətbuat konfransına gələrkən təkzib edilmişdir. Həmin məlumatda adı çəkilən şəxs rəsmi şəkildə məlumat göndərərək onun əvvəl verilmiş məlumatdan xəbəri olmadığını söyləmişdir. 13 saylı Əzizbəyov seçki dairəsinin 16 saylı məntəqəsində baş vermiş insident isə Mərkəzi Seçki Komissiyasının tələbi və polisin köməyi ilə aradan qaldırılmışdır. Həmin müraciətlə bağlı MSK-nın keçirdiyi iclasda müvafiq qərar çıxarılmışdır. Əgər səslərin hesablanması və yekun protokolların tərtib olunması ilə bağlı müraciətlər daxil olarsa, MSK dərhal iclas keçirib araşdırma aparacaq, Seçki Məcəlləsinə müvafiq olaraq lazımi qərar qəbul edəcəkdir. Mətbuat konfransı keçirilən anadək 603 bələdiyyədən 450-yə yaxınının tam formalaşdığı barədə “Seçkilər” İnformasiya Mərkəzinə dairə seçki komissiyalarından protokolların daxil olduğunu bildirən, ayrı-ayrı dairələr üzrə daha çox səs toplayan namizədlərin adlarını söyləyən komissiyanın sədri vurğuladı ki, MSK 20 gün ərzində səsvermənin nəticələrinə yekun vuracaq və bələdiyyə üzvü seçilmiş namizədlər elan olunacaqdır. Bu müddətdə komissiyaya daxil olan irad və şikayətlər diqqətlə araşdırılacaq, qanun pozuntusuna yol verilmiş seçki məntəqələri və dairələri ilə bağlı, Seçki Məcəlləsinə müvafiq olaraq, ciddi tədbirlər görüləcəkdir.
M.Pənahov daha sonra suallara cavab verdi.