Meşələri yanğından qorumaq hər bir vətəndaşın borcudur!
Bakı, 13 avqust (AZƏRTAC). Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. Ölkəmizdəki meşə yanğınlarının törənməsində insan amili böyük rol oynayır. Meşələri yanğından qorumaq hər bir vətəndaşın borcudur. Bu səbəbdən də meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və onların yanğın təhlükəsizliyinin təmini üçün bir sıra tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.
Meşə yanğınları əsasən istirahətdə olarkən insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Qalanmış tonqallar və meşəni tərk edərkən bunların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da yanğın hadisələri törədir.
Meşədə olarkən yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunmalıdır. Meşələrə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları, o cümlədən tütün məmulatları atmaq olmaz. Meşələrdə əvvəlcədən gətirilmiş qablarla avtomobillərə yanacaq doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yolverilməzdir. Meşədə emal edilmiş hazır materiallar açıq sahədə müəyyən olunmuş qaydada saxlanılmalıdır.
Turist istirahət zonaları, gənclər və uşaq təşkilatları meşələrdə keçirdikləri tədbirlərdə tonqalları müvafiq qurum tərəfindən ayrılan xüsusi yerlərdə qalaya bilər. Tonqal heç bir halda ağacın altında, xüsusən də budaqları aşağı sallanan ağacların altında yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Tonqal qalamaq üçün ağaclardan aralıda yer hazırlamaq məqsədəuyğundur. Həmin ərazi otlardan təmizlənməli, tonqal üçün çala qazılmalıdır. Ehtiyatda olan yanacaq məhlulu tonqaldan üç-beş metr aralıda saxlanmalıdır. Çox hündür ocaq qalamaq lazım deyil. Diqqət yetirilməlidir ki, tonqaldan kənara az qığılcım düşsün. Küləkli havada bu çox təhlükəlidir. Tonqalı küləyin gücünə və istiqamətinə uyğun yandırmaq lazımdır. Çünki kənara sıçrayan qığılcımlar otun və yarpaqların alışmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki, yarpaqları qurumuş budaqlardan istifadə edilməsin. Çünki bu zaman qırağa təkcə qığılcımlar deyil, yanan yarpaqlar da səpələnə bilər. Ərazini tərk edən zaman tonqalı tam söndürməli, üzərinə su atmalı, sonra isə üstü torpaqla örtülməlidir.
Yanğınla mübarizədə ən effektiv metod insanların bu sahədə maarifləndirilməsidir. Təbliğat-təşviqat işləri, ictimai maarifləndirmə öz nəticələrini verməkdədir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bu məqsədlə yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə edir. Meşə ilə əlaqəsi olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı izahat işlərinə geniş yer ayırır.
İnsanlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, həmçinin atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Ona görə meşə yanğınları zamanı birinci növbədə insanlar təhlükəli zonadan çıxarılmalı, həmin əraziyə giriş məhdudlaşdırılmalıdır. Yanğının söndürülməsində təhlükəsizlik təmin edilməlidir. Yanğın olan ərazidə işləyənlər xüsusi geyimlər, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər. Yanğın ərazisindən keçmə zərurəti yarandıqda tənəffüs yollarının zədələnməməsi üçün nəfəsi tutmaq lazımdır.
Hər hansı bir təhlükə yaranıbsa Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng etmək lazımdır.