Meşələrin mühafizəsi günün ən ümdə məsələlərindən biridir
İsmayıllı, 12 avqust (AZƏRTAC). İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində “Meşələrdən istifadə, onların mühafizəsi, bərpası və qorunması ilə əlaqədar qanunvericiliyin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən, əlaqədar təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncaqda İsmayıllı Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı ərazi şöbəsinin, “Şahdağ” Milli Parkının İsmayıllı rayonu üzrə idarəsinin və digər təşkilatların rəhbərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxış edənlər qanunsuz meşə qırıntıları, meşələrin mühafizəsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat veriblər. Meşə yanğınlarının baş vermə səbəblərinin aradan qaldırılmasının, magistral yolların yaxınlığındakı taxıl sahələrinin ətrafının şumlanmasının, taxıl sahələrinin özbaşına yandırılması hallarının qarşısının alınmasının zəruriliyi diqqətə çatdırılıb.
Yığıncaqda müzakirə olunan məsələlərin icrasına nəzarət edilməsi və qarşıya çıxan problemlərin həllinə operativ kömək göstərilməsi məqsədilə rayon qərargahı yaradılıb.