MƏTYU BRAYZƏ: AZƏRBAYCAN BÜTÜN SAHƏLƏRDƏ ERMƏNİSTANDAN ÜSTÜNDÜR
Səfər Əbiyev uzun illər davam edən danışıqların səmərəsiz olduğunu vurğulayaraq qeyd etmişdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik müsbət nəticə vermir.
Mətyu Brayzə öz fəaliyyəti barəsində nazirə məlumat verərək bildirmişdir ki, mənim missiyam ATƏT-in Minsk qrupunun həmsədri olmaqla yanaşı, regiondakı digər münaqişələrin həlli, Avropa enerji təhlükəsizliyi və həmçinin ABŞ ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı sahələrini əhatə edir. O, Azərbaycanın ABŞ üçün vacib ölkə ölduğunu, siyasi və iqtisadi sahələrdə əldə edilən nailiyyətlərin ABŞ-da yüksək qiymətləndirildiyini qeyd etmiş, Azərbaycan dövlətinin beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ı fəal dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir.
Səfər Əbiyev strateji xarakter daşıyan Azərbaycan-ABŞ əlaqələrinin daha da inkişaf etməsinə əsas maneənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi olduğunu qonağın nəzərinə çatdırmışdır.
M.Brayzə bildirmişdir ki, beynəlxalq ictimaiyyət münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini söyləyən müdafiə naziri demişdir ki, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcəkdir. Münaqişə beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Sülh danışıqları bir nəticə verməsə, Azərbaycan özü ərazi bütövlüyünü bərpa edəcəkdir”.
Azərbaycanın bütün sahələrdə Ermənistandan üstün olduğunu qeyd edən Mətyu Brayzə Azərbaycanı bir az da səbirli olmağa çağırmışdır.
Sonra tərəflər Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparmışlar.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders iştirak etmişdir.