MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Arif Rəhimzadə qonaqları salamdıqdan sonra Azərbaycanda oktyabrın 6-da bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilər barədə ətraflı məlumat vermişdir. O demişdir ki, seçkilər ərəfəsində Milli Məclisin müvafiq komissiyalarının və Mərkəzi Seçki Komissiyasının üzvləri yerlərdə məşğələlər, seminarlar keçirmiş, maarifləndirmə işləri aparmışlar. Komissiya sədri seçkilərin xüsusi fəallıqla keçəcəyinə ümidvar olduğunu vurğulamışdir.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin vitse- prezidenti, nümayəndə heyətinin rəhbəri Lyudmila Firloaqa səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq etmişdir. Avropalı qonaq Seçki Məcəlləsinin təkmilləşdirilməsi, Azərbaycanda bələdiyyələrə verilmiş səlahiyyətlər, yerli özünüidarə orqanları üçün yaradılmış şərait və bu sahəyə aid qanunvericilik bazası ilə maraqlanmışdır.
Arif Rəhimzadə bələdiyyələrin sərbəst fəaliyyət göstərdiklərini vurğulamış, bu sahənin tənzimlənməsi üçün işlək qanunvericilik bazasının yaradıldığını diqqətə çatdırmışdır. O demişdir ki, hazırda yerli özünüidarəetmə orqanlarına daha geniş səlahiyyətlərin verilməsi, bələdiyyə üzvlərinin və qulluqçularının sosial müdafiəsi ilə bağlı yeni qanun layihələri hazırlanır. Bu qanunların qəbulu bələdiyyələr üçün daha geniş imkanlar açacaqdır. Seçki Məcəlləsi üzərində iş davam etdirilir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.