MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Milli Məclisin sədri Azərbaycanla Böyük Britaniya arasındakı dostluq münasibətlərinin tarixindən danışdı, əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi vurğuladı. Oqtay Əsədov dedi ki, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əlaqələrin inkişafını daim diqqətdə saxlayır. Dövlətlərimiz arasında 16 mühüm sənəd imzalanmışdır və bunlar münasibətlərimizin genişlənməsində böyük əhəmiyyət kəsb edir.
Sonra Milli Məclisin sədri ölkəmizdə həyata keçirilən islahatlardan, əldə olunmuş nailiyyətlərdən, Böyük Britaniya şirkətlərinin Azərbaycanda gördüyü işlərdən, parlamentlər arasındakı əlaqələrdən bəhs etdi, Milli Məclisdə Böyük Britaniya parlamenti ilə dostluq qrupunun yaradıldığını bildirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara ətraflı məlumat verərək dedi ki, biz Böyük Britaniyanın bu münaqişənin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndiririk. Ümid edirik ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Böyük Britaniya münaqişənin həlli ilə bağlı təşkilatın qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə səy göstərəcəkdir. Oqtay Əsədov bəzi britaniyalı deputatların işğal altında olan Azərbaycan ərazilərinə icazəsiz səfər etmələrinin Azərbaycan tərəfindən narahatlıq doğurduğunu da vurğuladı.
Nümayəndə heyətinin rəhbəri Cenkins Brayan qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlıq edərək dedi: “Azərbaycana ilk dəfədir ki, gəlirəm. Ölkəniz haqqında müxtəlif materiallar oxumaqla məlumatlar toplamışdım. Burada gördüklərim məndə böyük təəssürat yaratmışdır və bundan çox məmnunam. Deməliyəm ki, ölkənizdə gedən inkişaf insanların rifah halının yaxşı olmasından xəbər verir”. Qonaq bildirdi ki, onu müşayiət edən deputatlar müxtəlif siyasi partiyaların nümayəndələridir və onlar da Azərbaycan haqqında yüksək fikirdədirlər.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.