MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Milli Məclisin sədri ölkələrimiz arasındakı dostluq münasibətlərinin qədim tarixini xatırlatmış, hazırda qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.
O.Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra münasibətlərimiz daha da genişlənmişdir. Bu işdə dövlətlərimizin başçılarının xüsusi rolu olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilə Pekinə rəsmi səfəri zamanı imzalanmış sənədlər münasibətlərimizin daha da inkişafı üçün geniş imkanlar və hüquqi baza yaratmışdır. Siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə geniş əməkdaşlığımız vardır. Parlamentlərarası əlaqələr də inkişaf edir. Milli Məclisdə Çin parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri əməkdaşlığımızı daha da gücləndirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən parlamentin sədri demişdir ki, Çinin bu məsələdə tutduğu mövqe ölkəmizdə yüksək qiymətləndirilir. Biz münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasında qətnamələrin qəbulu zamanı göstərdiyi dəstəyə, qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş oyuncaq parlament seçkiləri ilə bağlı ÇXR Xarici İşlər Nazirliyinin bəyanatında Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmasının və Çinin həmin seçkiləri tanımamasının birmənalı şəkildə vurğulanmasına görə minnətdarlığımızı bildiririk. Azərbaycan da Tayvan məsələsində Çinin mövqeyini dəstəkləyir.
Syu Szyalu onlara göstərilən qonaqpərvərliyə, səmimi sözlərə və ətraflı məlumata görə minnətdarlıq etmiş, ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi, inkişafı barədə deyilən fikirlərə şərik olduğunu bildirmişdir. Nümayəndə heyətinin başçısı demişdir ki, Azərbaycana səfərdən məqsəd ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün danışıqlar aparmaqdır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, müavinlər Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi olmuşdur.