MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Milli Məclisin sədri bildirdi ki, Azərbaycanın xarici siyasətində Avratlantik məkana inteqrasiya mühüm yer tutur. Ölkəmiz - Avropa Birliyi, Avropa Şurası, habelə NATO ilə əlaqələrə böyük əhəmiyyət verir. Parlament sədrinin fikrincə, NATO PA-nın nümayəndə heyətinin regiona səfəri Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar edilməsi baxımından faydalı olacaqdır.
Oqtay Əsədov ölkəmizin iqtisadi inkişafı, neft strategiyasının uğurları, bölgədə reallaşdırılan regional layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara ətraflı məlumat verdi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnaməyə Ermənistanın əməl etmədiyini xatırlatdı. O, münaqişənin həll edilməməsini təkcə Azərbaycanın yox, bütövlükdə regionun inkişafına mane olduğunu xüsusi vurğuladı, problemin həlli məsələsində Azərbaycanın mövqeyini açıqladı.
Milli Məclisin sədri Fransa parlamentinin aşağı palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara da münasibətini bildirərək dedi ki, həmin qərar erməni lobbisinin təzyiqi ilə qəbul olunub və Fransanın milli maraqlarına ziddir.
Vahid Ərdəm səmimi görüşə və ətraflı məlumata, ümumiyyətlə ölkəmizdə gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Nümayəndə heyətinin rəhbəri səfər çərçivəsində keçirdiyi görüşləri xatırladaraq dedi ki, Azərbaycan barədə kifayət qədər məlumat toplamışlar.