MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR
Z.Əsgərov demişdir ki, Azərbaycan dövləti və parlamenti dünya ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır. Milli Məclisdə dünya ölkələri parlamentləri ilə, eləcə də Kanada Konqresi ilə parlamentlərarası əlaqələri inkişaf etdirmək üçün işçi qrupları yaradılmışdır.
Kanada parlamenti deputatının Dünya azərbaycanlılarının II qurultayında iştirak etmək məqsədilə Bakıya gəlməsi bizim üçün xüsusilə önəmlidir. Hazırda Milli Məclis bir sıra Avropa dövlətlərinin parlamentləri ilə sıx əməkdaşlıq edir. Dünyada böyük nüfuza malik olan Kanada ilə də əlaqələrin inkişafı bizim üçün əhəmiyyət kəsb edir. Ümid edirik ki, siz, Kanadada Azərbaycan diasporunun formalaşmasına kömək göstərdiyiniz kimi, parlamentlərarası əlaqələrimizin inkişafında da mühüm rol oynayacaqsınız.
Xanım Yasmin Ratansi Azərbaycana səfərindən məmnun qaldığını söyləmiş, Dünya azərbaycanlılarının II qurultayında iştirak etmək üçün ona yaradılmış bu şəraitə görə, Azərbaycan dövlətinə minnətdarlıq etmişdir. Bildirmişdir ki, Kanada parlamentinin aşağı və yuxarı palatalarının 30-a yaxın deputatı Azərbaycanla əlaqələrin inkişafına maraq göstərir. Səfər başa çatdıqdan sonra Milli Məclisdəki işçi qrupu barədə onlara məlumat verəcək və orada da dostluq qrupunun yaradılmasına çalışacaqdır. Çox güman ki, qrup yaxın günlərdə fəaliyyətə başlayacaq və ölkələrimizin parlamentləri arasında əlaqələr yüksələn xəttlə inkişaf edəcəkdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
X X X
Elə həmin gün Yasmin Ratansi Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla da görüşmüşdür.