MİLLİ MƏCLİSİN İCLASINDA
Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl Milli Məclisin sədri Oqtay Əsədovun təklifi ilə Fransa parlamenti aşağı palatasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin məsuliyyətə cəlb olunması barədə qəbul etdiyi qərara münasibət bildirən bəyanat hazırlamaq üçün Milli Məclis sədrinin müavini Bahar Muradovanın sədrliyi ilə komissiya yaradılmışdır.
Məlumat verilmişdir ki, iclasda MTN və DİN nümayəndələri iştirak edirlər.
Sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini birinci oxunuş üçün deputatların müzakirəsinə təqdim etmişdir. O, layihə haqqında məlumat verərək demişdir ki, respublikamızda keyifiyyətcə yeni ictimai, sosial-iqtisadi münasibətlər sisteminin qurulması, ölkənin Qərbə inteqrasiyası iqtisadiyyatda şəxsi mülkiyyətin mühafizəsinin xarakterində müvafiq dəyişikliyi tələb edir. Uğurlu neft strategiyası, xarici sərmayələrin axını, ölkəyə xarici iş adamlarının gəlməsi, iqtisadiyyatda özəl sektorun inkişafı mühafizə xidmətlərinə tələbatın artmasına səbəb olmuşdur. Belə şəraitdə təhlükəsizlik xidmətinin göstərilməsi fəaliyyətin bir növü olduğundan, təhlükəsizlik məsələləri ilə məşğul olan şəxslərin, şirkətlərin fəaliyyətinin hüquqi tənzimlənməsi və dövlət nəzarətinin təmin edilməsi zərurətə çevrilmişdir. Bu mənada qanun ölkədə özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətləri tənzimləyəcək, onun hüquqi əsaslarını, prinsip və vəzifələrini, habelə özəl mühafizə fəaliyyəti subyektlərinin dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edəcəkdir.
Komissiyanın sədri layihənin bəzi maddələri barədə daha geniş məlumat vermişdir.
Müzakirələr zamanı deputatlar qanunun vacibliyini qeyd etməklə yanaşı, anlayışlar, mühafizəçinin silahı, geyimi və s. barədə iradlarını, təkliflərini bildirmişlər. Qanunun konseptual baxımdan birinci oxunuşa hazır olduğu vurğulanmışdır.
Komissiyanın sədri rəy və təkliflərin nəzərdən keçiriləcəyini, habelə layihənin müsbət imicli mühafizə şirkətlərində də müzakirə olunacağını bildirmişdir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilmişdir.
Fasilədən sonra iclas öz işini davam etdirmiş, Milli Məclis sədrinin müavini Bahar Muradova komissiyanın hazırladığı bəyanatın mətnini oxumuşdur.
Mətn əsas kimi qəbul edilmiş və iclasın sonunda müzakirə olunacağı bildirilmişdir.
İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini təqdim etmişdir. Komissiya sədri qanunun zəruriliyini əsaslandıraraq demişdir ki, o, dövlət borclarının həyata keçirilməsi, dövlət təminatlarının verilməsi və dövlət borcunun idarə olunması sahəsində hüquqi və iqtisadi münasibətləri tənzimləyəcəkdir.
Müzakirələrdə çıxış edən deputatlar layihə barədə rəy və təkliflərini bildirmiş, onu konseptual cəhətdən bəyəndiklərini, ikinci oxunuşa təkmilləşdirilmiş variantda çıxarılacağına əminliklərini vurğulamışlar.
Qanun layihəsi birinci oxunuşda qəbul olunmuşdur.
Sonra Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarı barədə Milli Məclis komissiyasının hazırladığı bəyanat müzakirə olunub qəbul edilmişdir.