MİLLİ MƏCLİSİN İCLASINDA DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLMİŞDİR
Milli Məclisin noyabrın 5-də keçirilən səhər iclasında “2005-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilmişdir.
Deputatlardan Səttar Səfərov, Mais Səfərli, Asya Manafova, Siyavuş Novruzov, Bahar Muradova, Zahid Oruc və başqaları layihə ilə bağlı çıxış etmişlər. Onlar, bəzi iri vergi ödəyicilərinin gəlir və xərclərinə dövlət nəzarətinin artırılmasını, dolayı subsidiyalara son qoyulmasını, dövlətin xarici borclarının vəziyyətinə aydınlıq gətirilməsini, bəzi sahələrdə çalışanların əmək haqlarının, deputatların ezamiyyə xərclərinin artırılmasını təklif etmişlər.
Maliyyə naziri Əvəz Ələkbərov qaldırılan məsələlərə münasibət bildirmişdir. O demişdir ki, iri vergi ödəyicilərinin gəlir və xərcləri ilə hökumət yaxından maraqlanır və onların vergi ödəmələrində şəffaflığın təmin olunması üçün tədbirlər planı hazırlanır. Dolayı subsidiyalara gəldikdə isə dövlət hələləik bəzi sahələrə bu xərcləri ödəmək məcburiyyətindədir. Artıq “Azəriqaz” və “Azərikimya” səhmdar cəmiyyətlərinə dolayı subsidiyaların verilməsi dayandırılıb, gələn ildən isə “Azərenerji” də subsidiya almayacaq. Hökumət tədricən səhiyyə və digər sahələrdə çalışanların əmək haqlarını da qaldıracaq. Milli Məclis üzvlərinin ezamiyyə xərclərinin artırılması məsələsi isə yaxın günlərdə öz həllini tapacaqdır.
Milli Məclis günün ikinci yarısında 2005-ci ilin dövlət büdcəsinin layihəsinin müzakirəsini davam etdirmişdir. Deputatlar layihənin sosial və sərmayəyönümlü olduğunu təqdir etməklə yanaşı öz irad, təklif və rəylərini də bildirmişlər. Onları düşündürən problemlər arasında əhalinin əmanət banklarındakı dondurulmuş vəsaitlərinin indeksasiyası, istehlak mallarının qiymətlərinin dəyişməsi, inflyasiya, minimum əmək haqları və pensiyalar, regionların sosial-iqtisadi həyatına dair problemlərlə bağlı məsələlər daha çox təkrarlanmışdır. Deputatların bəzilərinin iradları isə elm, təhsil, mədəniyyətin maliyyələşdirilməsi ilə bağlı olmuşdur. Çıxışlarda büdcə vəsaitləri üzərində nəzarəti gücləndirməyin vacibliyi vurğulanmışdır.
Maliyyə naziri Əvəz Ələkbərov iradlara münasibət bildirərkən demişdir ki, müzakirə olunan layihə 2005-ci il büdcəsinin 19-cu variantıdır. Hazırlanmış büdcə layihələrinin hərəsinin öz üstün və çatışmayan cəhətləri olmuşdur. Lakin Azərbaycan Prezidentinin dəstəklədiyi bu sonuncu variant 2005-ci ilin ən optimal büdcə layihəsidir.
Nazir demişdir ki, büdcə vəsaitləri üzərində nəzarəti artırmaq məqsədi ilə Maliyyə Nazirliyi tərəfindən daxili audit haqqında qanun hazırlanır. Həmin sənəd 3-4 ayadək Milli Məclisin müzakirəsinə təqdim ediləcəkdir. Hesablama Palatası da bu sahə barədə öz sözünü deməlidir.
Maliyyə naziri deputatların qaldırdıqları məsələlərə, o cümlədən büdcə vəsaitlərindən istifadə edilməsində şəffaflığın təmin olunmasına da aydınlıq gətirmişdir.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev gələn ilin büdcə layihəsi ilə bağlı mülahizələrini bildirmişlər.
2005-ci ilin büdcə layihəsinin müzakirəsini Milli Məclisin növbəti iclasında davam etdirmək qərara alınmışdır.