MİLLİ MƏCLİSİN KOMİSSİYALARINDA
AZƏRTAC xəbər verir ki, iclasda “Ovçuluq haqqında” Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini-aqrar qanunvericilik bölməsinin müdiri Şahmərdan Kərimov demişdir ki, “Ovçuluq haqqında” qanunun tətbiqi ilə əlaqədar Meşə Məcəlləsinə, “Xidməti və mülki silah haqqında” və “Heyvanlar aləmi haqqında” qanunlara dəyişikliklər təklif olunur. Meşə Məcəlləsinə təklif olunan dəyişiklikdə meşə sahələrinin ovçuluq təsərrüfatlarının ehtiyacları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsi nəzərdə tutulur. Digər qanunlara edilən dəyişikliklər isə redaktə xarakteri daşıyır.
Sonda layihəni Milli Məclisin müzakirəsinə çıxarmaq tövsiyə olunmuşdur.
X X X
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının oktyabrın 25-də keçirilən iclasında isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilməsi məsələsi müzakirə olunmuşdur. Komissiyanın sədri Əli Hüseynov demişdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun təkmilləşdirilməsi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri olmuşdur. Bir müddət öncə ölkəmiz bu öhdəliyi də yerinə yetirmiş və qanun təkmilləşdirilmişdir. İndi təklif olunan dəyişiklik Vəkillər Kollegiyasının və onun ayrı-ayrı orqanlarının formalaşdırılmasına yardım məqsədi daşıyır.
Deputatlar təklif olunan dəyişikliyə müsbət rəy vermişlər.
Sonda layihənin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.