MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT DAİMİ KOMİSSİYASININ İCLASI OLMUŞDUR
Komissiyanın sədri Hadi Rəcəbli iclası açaraq bildirmişdir ki, ölkə iqtisadiyyatının bütün sahələrində aparılan islahatlar vətəndaşların rifah halının yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına, əmək haqlarının artırılmasına, xidmət sahələrinin fəaliyyətinin ən yüksək dünya standartlarına çatdırılmasına yönəldilmişdir. Dövlət idarə və müəssisələrinin nüfuzunun artırılması, dövlət qulluqçularının əmək haqqının tənzimlənməsi, maaşlara əlavələrin növlərinin müəyyən edilməsi baxımından bu qanunun böyük əhəmiyyəti vardır. Qanunda dövlət orqanlarında çalışan qulluqçulara və dövlət qulluqçusu olmayan şəxslərə fərdi mükafatların məbləğinin tənzimlənməsi, pensiya təminatı kimi məsələlər də əksini tapmışdır.
Komissiya üzvləri qanun layihəsinin bir sıra müddəalarına dair fikirlərini söyləmişlər. Kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinə göndərilən pedaqoji kadrların yaşayış şəraitinin yaradılması məqsədi ilə verilən birdəfəlik əlavənin məbləğinə yenidən baxılması, onların əmək haqqına 3 il müddətinə nəzərdə tutulmuş əlavələrin daimi qaydada ödənilməsi, QİÇS və İÇV ilə əlaqəli tibb müəssisələrində çalışan tibb işçiləri ilə yanaşı onkoloji xəstəliklər, vərəm və sairə kimi ağır xəstəliklərin müalicəsi ilə məşğul olan tibb işçilərinin də maaşlarına əlavələr edilməsi barədə təkliflər irəli sürülmüşdür.
Sonda qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir.