MİLLİ PARKDA MUSİQİLİ FƏVVARƏ İŞƏ SALINMIŞDIR
![]() |
![]() |
![]() |
AZƏRTAC xəbər verir ki, dekabrın 28-də Milli parkda, Muzey Mərkəzinin qarşısında tamamilə yenidən qurulmuş “Ağ” musiqili fəvvarə işə salınmışdır. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezidentə onun tapşırığı əsasında burada görülən yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, fəvvarənin layihəsi İtaliyada hazırlanıb və mütəxəssislər də oradan gəlmişlər. Belə bir musiqili fəvvarə dünyada yeganədir və layihənin müəlliflik hüququ Azərbaycana məxsusdur. Fəvvarənin hovuzunda Braziliyadan hazır gətirilən ağ kristallik mərmərlər, ətrafa isə Yaponiya texnologiyası əsasında hazırlanan qranit döşənibdir.
Fəvvarənin ətrafındakı işıqlandırma sistemi yapon mütəxəssislərinin ideyasıdır. Fəvvarə və nasoslar zirzəmidə quraşdırılan avtomatik sistemlə idarə olunur.
Musiqi kompozisiyası Çaykovski, Ştraus və Sviridovun əsərləri, habelə Alim Qasımovun ifa etdiyi muğam əsasında hazırlanmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli parkda gəzintiyə, istirahətə çıxan sakinlərlə də görüşdülər. Dövlətimizin başçısı soydaşlarımıza ən xoş arzularını, qarşıdakı bayramlar münasibətilə təbriklərini yetirdi. Paytaxt sakinləri Prezident İlham Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndirdilər, ən səmimi arzularını çatdırdılar. Sonra xatirə şəkli çəkdirildi.


