MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ GÖRÜŞ
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Eldar Mahmudov səfiri yeni təyinatı münasibətilə təbrik etmiş və ona uğurlar arzulamışdır. Ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın, beynəlxalq terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə və digər sahələrdə tərəfdaşlığın dinamik inkişaf etdiyini vurğulayan nazir, işgüzar əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirmişdir. Milli təhlükəsizlik naziri diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, ölkəmizin işğal olunmuş ərazilərinin İranla həmsərhəd 132 kilometrlik hissəsinin nəzarətdən kənarda qaldığını, bu amilin dövlətlərimizin milli maraqları üçün ciddi təhlükə yaratdığını xatırladaraq, problemin aradan qaldırılmasında Azərbaycanın və İranın birgə səyləri daha da artırmaları zərurətini xüsusi qeyd etmişdir.
Səfir Əfşar Süleymani general-mayor Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, ona yeni işində müvəffəqiyyətlər arzulamışdır. Diplomat İran-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, ölkələrimizin xüsusi xidmət orqanları arasında, ən başlıcası isə terrorçuluqla və narkotiklərlə mübarizə sahəsində işbirliyinin möhkəmləndirilməsinin xalqlarımızın milli maraqlarına cavab verdiyini demişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunmuşdur.