Mingəçevirdə “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda konfrans keçirilmişdir
Mingəçevir, 20 yanvar (AZƏRTAC). Mingəçevirdə 20 Yanvar faciəsinin qurbanları yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər saatlarında mingəçevirlilər Şəhidlər xiyabanında faciə qurbanlarının xatirə kompleksini ziyarət etmişlər.
Abidə kompleksi önünə gül dəstələri düzülmüş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Mingəçevir Dövlət Dram Teatrında faciə qurbanlarına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Mingəçevir Turizm Kollecində isə “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə kollecin direktoru, professor Əyyub Əyyubov çıxış edərək Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş hadisələrdən danışmış, milli azadlıq yolunda canlarından keçmiş Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını vurğulamışdır.
Çıxış edənlər bildirmişlər ki, xalqımızın həmin ağır günlərində ümummilli lider Heydər Əliyev çətin şəraitdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək verdiyi bəyanatda qanlı hadisələri kəskin pisləmiş, totalitar sovet rejiminin antibəşəri siyasətinə qəti etirazını bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, ulu öndər 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışarkən bu faciəyə hüquqi-siyasi qiymət verilmişdir. Məhz ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il noyabr ayının 21-də hər il yanvarın 20-si tarixinin hüzn günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
Sonra şəhidlərə həsr olunmuş şeirlər səsləndirilmiş, film nümayiş olunmuşdur.