Mingəçevirdə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir
Mingəçevir, 26 fevral (AZƏRTAC). Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Mingəçevir şəhərində silsilə tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, fevralın 26-da Mingəçevir sakinləri və məcburi köçkünlər “Azərbaycanlıların soyqırımı və deportasiyası” abidəsini və Şəhidlər xiyabanı ziyarət etmişlər. Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətində məcburi köçkünlər və şəhid ailələri ilə görüş keçirilmişdir. Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmış, məscidlərdə faciə qurbanlarının ruhuna dualar oxunmuşdur.
Şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq fevralın 20-dən 26-dək idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil, peşə, ali və orta ixtisas məktəblərində inşa yazısı və şeir müsabiqələri, idmanın müxtəlif növləri üzrə xatirə turnirləri təşkil edilmiş, xatirə gecələri, “dəyirmi masa”lar, Xocalı hadisələrinin şahidləri ilə görüşlər keçirilmişdir.
Muzey və kitabxanalarda Xocalı faciəsinə həsr olunmuş guşələr yaradılmış, foto, rəsm və kitab sərgiləri açılmış, Mingəçevir Dövlət Dram Teatrında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir. Şəhərin bütün təhsil ocaqlarında faciə ilə bağlı xüsusi dərslər keçirilmişdir.