MİNSK QRUPUNUN AMERİKALI HƏMSƏDRİ RUDOLF PERİNA İLƏ GÖRÜŞ
Yanvarın 10-da Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri səfir Rudolf Perina ilə görüş keçirilmişdir. Amerikanın Azərbaycan icmasının nümayəndələrinin, Vaşinqtonun rəsmi və diplomatik dairələrinin təmsilçilərinin və jurnalistlərin iştirak etdikləri görüşün əvvəlində səfir Perina çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafındakı hazırkı vəziyyət barədə danışdı. Eyni zamanda vurğuladı ki, 11 sentyabr hadisələrindən sonra bu problemin aradan qaldırılmasının sürətləndirilməsi üçün də müsbət irəliləyişlər mümkündür və dünyanın bir çox ölkələri bu fikrə şərikdir. O, ABŞ və Rusiyanın antiterror əməliyyatı sahəsində əməkdaşlıqla bağlı öz üzərlərinə yeni öhdəliklər götürməsini, habelə 907-ci düzəlişin aradan qaldırılmasına dair Konqresin qərarını belə müsbət elementlər kimi vurğuladı.
Sonra həmsədr görüş iştirakçılarını maraqlandıran çoxsaylı suallara cavab verdi. Amerikalı həmsədr dedi ki, beynəlxalq ictimaiyyət terrorizmlə mübarizədə yeni-yeni çətinliklərlə üzləşir. Dünya yeni-yeni problemlərə diqqət yetirdikcə, post-sovet dövründən qalmış Dağlıq Qarabağ münaqişəsi də daha uzun müddət dondurulmuş vəziyyətdə qalmaq təhlükəsi qarşısındadır. Hazırda bu münaqişəni beynəlxalq ictimaiyyətin dəstəyi və köməyi ilə həll etmək mümkündür. Bu “ümid pəncərəsi”ndən hər iki tərəf səmərəli istifadə edərək qarşılıqlı güzəştlər əsasında irəliləməlidir.
Fransalı və Rusiyalı həmkarı ilə sonuncu görüşündə bir sıra yeni ideyalar üzərində iş getdiyini bildirən Rudolf Perina, yaxın bir-iki ay ərzində regiona səfər edib bu ideyaları Ermənistan və Azərbaycan prezidentlərinə çatdıracaqlarını söylədi. “Məndən əvvəlki həmsədr Ki-Uestdə məsələnin 80 faizinin həll edildiyini deyirdi. Lakin unutmaq lazım deyil ki, belə vəziyyətlərdə məsələ 100 faiz razılaşdırılmayıbsa, demək heç nə razılaşdırılmayıb” - deyən amerikalı həmsədr etiraf etdi ki, Ki-Uest formatlı danışıqlara bu yaxınlarda müraciət olmayacaqdır. “Belə danışıqlar çox ümid yaradır. Lakin daha sonra bu ümid həll edilməmiş bir neçə məsələ üzündən puç olur və ümiddən daha çox məyusluğa səbəb olur”.
Tərəflərin güzəştə getməyə nə qədər hazır olduqlarını sual altına alan səfir Perina bölgənin sakinlərini Dağlıq Qarabağ düyününün həll olunması üçün səy göstərməyə çağırdı. Münaqişənin nizama salınmasına nikbinliklə yanaşan diplomat onu da xatırlatdı ki, həmsədrlər yeni həll modeli tapmaqda artıq çətinlik çəkirlər və tərəflər kifayət qədər səy göstərməsə, “sehirli” həll yolu tapılmayacaqdır.
Ümumən götürdükdə, səfir Perinanın çıxışı münaqişənin həllinə dair Minsk qrupunun planları haqqında suala cavab vermədi.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton