Misirdəki səfirliyimiz Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirir
Qahirə, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən silsiləvi tədbirlər keçirilir və bu ölkənin media resurslarında yazılar dərc olunur.
Belə ki, Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik kütləvi informasiya vasitələrində (“Yaxın Şərq Xəbərlər Agentliyi”, “Asiaelyoum Xəbərlər Agentliyi”, “Tahya Masr”, Əl-Liva Əl-İslami” qəzeti, “Yaum7”, “Shorouk”, “Əxbar Əl-Yaum”, “El-Beled” və sair internet qəzetlərində) səfir Tural Rzayevin Xocalı soyqırımına həsr olunmuş məqaləsi dərc edilib.
Məqalədə diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən ən vəhşi cinayətin 1992-ci il fevralın 26-da məhz Xocalı şəhərində törədildiyini, şəhərin viran edildiyini, 613 dinc sakinin amansızcasına qətlə yetirildiyini bildirərək, baş verən hadisələrə görə Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Müəllif, həmçinin məqaləsində dünya mətbuatının Xocalı soyqırımı haqqında şərhlərinə toxunaraq, BMT TŞ-nin qəbul etdiyi məlum qətnamələrin indiyədək Ermənistan tərəfindən yerinə yetirilməməsini bu ölkənin münaqişənin həllində maraqlı olmamamsına əyani sübut kimi dəyərləndirib.
Qafqazda sülhün təmin olunmasının əsas şərtinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması ilə mümkün olacağını vurğulayan səfir Ermənistanı bir daha beynəlxalq hüquq və prinsiplərə riayət etməyə çağırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə