Modi Kiyev səfəri zamanı Zelenski ilə nələri müzakirə edəcək?
Bakı, 21 avqust, AZƏRTAC
Hindistanın Baş naziri Narendra Modi avqustun 23-də Kiyevə səfəri zamanı Ukrayna münaqişəsinin həlli ilə bağlı öz baxışını təqdim etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Modi bu barədə X sosial şəbəkəsində yazıb.
“Mən Zelenskinin dəvəti ilə Ukraynaya gedəcəyəm. Biz Ukraynada davam edən münaqışənin sülh yolu ilə həlli perspektivlərinə dair baxışlarımızı bölüşəcəyik. Biz regiona sülh və sabitliyin tezliklə qaytarılacağına ümid edirik”, - deyə o bildirib.
Narendra Modi Polşaya bu gün başlayacaq ikigünlük səfərindən sonra Ukraynaya gedəcək. Hindistan xarici işlər nazirinin müavini Tanmaya Lal avqustun 19-da həmin səfərlərlə bağlı mətbuat üçün brifinq keçirib. O, Modinin Ukrayna lideri ilə öz sülh planını müzakirə edib-etməyəcəyi sualını cavabsız qoyub. Diplomat yalnız onu vurğulayıb ki, münaqişə ilə bağlı mövqe dəyişməz qalır: Hindistan maraqlı tərəflər arasında dialoqun tərəfdarıdır, münaqişənin həllinin yeganə yolu kimi Rusiya ilə Ukrayna arasında dinc dialoq ideyasına sadiqdir.
Hindistan Baş nazirinin iyulun 8-9-da Moskvaya rəsmi səfəri zamanı Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması müzakirə mövzularından biri olub. Öz növbəsində Volodimir Zelenski Modinin Putinlə görüşünü tənqid edərək, onu “sülh səylərinə sarsıdıcı zərbə” adlandırıb.