“MOLLA NƏSRƏDDİN” VƏ AZƏRBAYCAN SATİRASI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
“Azersun Holdinq” Şirkətlər Qrupunun vitse-prezidenti Selahettin Hun dəyirmi masanın iştirakçılarını salamlayaraq, təşkilatın mədəniyyət mərkəzində son vaxtlar Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti ilə bağlı çoxlu tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.
Filologiya elmləri doktoru Alxan Bayramoğlu, Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri namizədi Ataxan Paşayev, filologiya elmləri namizədi Allahverdi Məmmədli, şairlər İlyas Tapdıq, İskəndər Etibar, Atababa İsmayıloğlu və başqaları demokratik mətbuatımızın banilərindən biri olan Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından, “Molla Nəsrəddin”in nəşri ilə bağlı fəaliyyətindən, milli təfəkkürün inkişafında, insanların maariflənməsində jurnalın və onun fəal əməkdaşlarının - M.Ə.Sabir, Ə.Qəmküsar, Ə.Haqverdiyev, Ö.F.Nemanzadə, O.Şmerlinq, Ə.Əzimzadə və başqalarının müstəsna xidmətlərindən ətraflı bəhs etmişlər. Bildirilmişdir ki, xalq yumorundan, klassik Azərbaycan ədəbi və dünya bədii-publisist irsinin ənənələrindən məharətlə bəhrələnərək publisistikamızı janr, üslub baxımından zənginləşdirən, 1906-cı ildə böyük yazıçı, dramaturq və publisist C.Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlamış jurnal yalnız Azərbaycanda deyil, eləcə də Yaxın Şərq ölkələrində demokratik meyillərin güclənməsinə böyük təsir göstərmişdir.
Natiqlər Prezident İlham Əliyevin “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında” Sərəncamını mollanəsrəddinçilərin fəaliyyətinə dövlət səviyyəsində verilən yüksək qiymət hesab etmişlər.
Qonaqlar foyedə məcmuənin əməkdaşlarının fotoşəkillərindən, jurnalda çap olunmuş karikaturalardan ibarət stendə maraqla baxmışlar.
Tədbirin iştirakçıları Azərbaycan mədəniyyətinə göstərilən qayğı və diqqətə görə şirkətlər qrupunun prezidenti Abdolbari Goozala təşəkkürlərini bildirmişlər.