MOSKVADA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SİYASİ XƏTTİNİ DƏSTƏKLƏYƏN PİKET OLMUŞDUR
Rusiyanın “Avrasiya Gənclər İttifaqı” ictimai təşkilatının keçirdiyi dəstək aksiyası, əsasən, RF ilə tərəfdaşlıq münasibətlərinə istiqamətlənmiş, lakin öz ərazilərində “rəngli inqilablara” yol verməyən dövlətlərin siyasətinin dəstəkləndiyinə Rusiya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədi daşıyırdı.
Rusiya gənclərinin nümayəndəsi, “Avrasiya Gənclər İttifaqı”nın lideri Valeri Korovin çıxışında bildirmişdir ki, bu təşkilat postsovet məkanında “rəngli inqilablar” meyillərinin qarşısını almaq məqsədi ilə yaradılmışdır. O demişdir: “Biz bu gün Azərbaycan ərazisində “rəngli inqilab”a yol verməyən və ölkədə ictimai-siyasi sabitliyi təmin edən Prezident İlham Əliyevi dəstəkləmək üçün Azərbaycan səfirliyinə gəlmişik. Biz İlham Əliyevin Rusiya ilə dostluğa və əməkdaşlığa yönəldilmiş xəttini dəstəkləyirik. Coğrafi-siyasi təşkilat kimi biz haradan qaynaqlanmasından asılı olmayaraq, Avrasiyanın bütün təşəbbüslərini dəstəkləyirik. Biz Avrasiya naminə Azərbaycanı və müstəqil siyasət yeridən digər dövlətləri ictimai səviyyədə dəstələyəcəyik”.
Piketin digər fəalları çıxışlarında demişlər ki, Azərbaycan Prezidentinin Rusiya ilə dostluğa istiqamətlənmiş siyasi xəttini RF daxilində ictimai səviyyədə, ictimai gənclər təşkilatları səviyyəsində dəstəkləmək çox vacibdir. Rusiya və Azərbaycan rəhbərliyinin diqqətini həmin meyli bundan sonra da dərinləşdirməyə və iki ölkə arasında strateji əməkdaşlığı inkişaf etdirməyə yönəltmək lazımdır. Demək istəyirik ki, bu meyil cəmiyyətdə və gənclər arasında dəstəklənir.