MOSKVADA XƏZƏRİN HÜQUQİ STATUSUNUN HAZIRLANMASINA DAİR İŞÇİ QRUPUNUN 15-Cİ İCLASI KEÇİRİLİR
Azərbaycanı müzakirələrdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iclası açaraq demişdir ki, xüsusi işçi qrupunun fəaliyyəti Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə müsbət qiymətləndirilmişdir. Nazir Xəzər dənizinin hüquqi statusu problemləri ilə bağlı güzəştli qərar qəbul ediləcəyinin mümkünlüyünə əmin olduğunu bildirmişdir. O qeyd etmişdir ki, hazırda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiya layihəsinin 33 maddəsindən 8-i tam, daha 8-i və girişi isə qismən razılaşdırılmışdır. Son vaxtlar xüsusi qrupun fəaliyyətinin səmərəliliyinin bir qədər azaldığını vurğulayan nazir bunu akvatoriyanın dibinə hədd qoyulması, Xəzərdən dünya okeanına və geriyə tranzitin şərtləri, habelə dənizin dibi ilə boru kəmərlərinin çəkilməsi kimi ən mürəkkəb məsələlərin müzakirə edilməsi ilə əlaqələndirmişdir. Onun fikrincə, bu məsələlərin həllini tapmaq çətindir, lakin mümkündür.
Sergey Lavrov Rusiya komandasını Xəzər üzrə xüsusi işçi qrupuna təqdim etmişdir. Onun tərkibinə Rusiya Prezidentinin beynəlxalq energetika əməkdaşlığı üzrə xüsusi nümayəndəsi İqor Yusufov və RF XİN-in xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər üzrə işçi qrupunun rəhbəri Aleksandr Qolovin daxildirlər.
Sonra iclas qapalı keçmişdir.
İclas oktyabrın 27-də başa çatacaqdır.