SİYASƏT
M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycanın Milli Dirçəliş Günü qeyd edilmişdir
Bakı, 22 noyabr (AZƏRTAC). Belarusun Azərbaycanlı Gənclər Təşkilatından (BAGT) AZƏRTAC-a bildirmişlər ki, noyabrın 17-də M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycanın Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin təşkilatçısı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin bilavasitə yardımı ilə BAGT olmuşdur.
Bakı Slavyan Universiteti tərəfindən yaradılmış mərkəzin rəhbəri Eleonora Hüseynova tədbir iştirakçılarını və qonaqları salamlayaraq, 1988-ci il 15 noyabr tarixinin Azərbaycanın müstəqillik uğrunda milli-azadlıq hərəkatının başlanğıc mərhələsi kimi əhəmiyyətini qeyd etmişdir.
Sonra söz tədbiri aparmaq üçün BAGT-ın rəhbəri Elvira İmanovaya verilmişdir. O bildirmişdir ki, hər bir dövlətin müstəqilliyi onun üçün birinci yerdə olmalıdır, çünki məhz bu halda ölkə müstəqil siyasət yeridib dünya birliyinin tamhüquqlu üzvü kimi çıxış edə bilər. İndiki uğurlu və sabit statusuna doğru çətin kəşməkəşli yol qət etmiş Azərbaycan da istisna deyildir. E.İmanova tədbirdə iştirak etdiklərinə görə belaruslu qonaqlara minnətdarlığını bildirmişdir.
BAGT-ın nümayəndələri Günel Qənbərova və Aytən Salmanzadə Azərbaycanın Milli Dirçəliş Gününə həsr olunmuş məruzələrlə çıxış etmişlər.
Gənclər təşkilatının fəalı Xəyal Cəfərov çıxışında bu günün Azərbaycan xalqı üçün əhəmiyyətini vurğulamış, 1988-ci ildə Bakıda kütləvi mitinqlərin keçirilməsinə səbəb olan tarixi faktlardan danışmışdır.
Xatırladaq ki, 1988-ci ilin noyabrında Bakıda, Lenin meydanında (indiki Azadlıq meydanı) SSRİ rəhbərliyinin Qarabağ məsələsi ilə bağlı siyasətinə etiraz əlaməti olaraq günlərlə fasiləsiz davam edən mitinq başlanmış, Azərbaycanın SSRİ-nin tərkibindən çıxması barədə ilk çağırışlar səslənmişdir.
Sonra Azərbaycanın Qarabağ bölgəsinin mədəniyyətindən söz açan videoçarx nümayiş etdirilmişdir. Sonda belaruslu qonaqlar azərbaycanlı gənclərlə çay süfrəsi başında səmimi söhbəti davam etdirmişlər.