Murmanskda DVD disklərdə Azərbaycana həsr olunmuş filmlər buraxılmışdır
Bakı, 3 sentyabr (AZƏRTAC). Murmansk nəşriyyatlarından birinin videoyazı studiyasında dörd yeni DVD disk buraxılmışdır.
“Ümummilli lider Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfrans. 2008-ci il”, “Novruz bayramı” və “Vilayətdə milli mədəniyyətlərin bayramı -“Dostluq festivalı-2012” adlı disklər Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölməsinin xüsusi sifarişi ilə hazırlanmışdır. Bu barədə AZƏRTAC-a Murmanskdakı Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov məlumat vermişdir.
Sonuncu elektron daşıyıcısında Azərbaycanın görməli yerləri, azərbaycanlıların Rusiyanın Murmansk vilayətində qeyd edilən bayramları haqqında materiallar toplanmışdır. Disklər rus və Azərbaycan dillərində təqdim olunmuşdur.
Filmlərin müəllifləri Rusiya və Azərbaycan jurnalistlər ittifaqlarının üzvləri, regionda tanınan teleoperatorlardır.
Disklərin tərtibçisi ÜAK-ın mətbuat xidmətidir. Operatorlardan biri “Murman” Dövlət Teleradioyayım Şirkətinin əməkdaşıdır. Disklərin hazırlanmasında ÜAK-ın fəalları - həmvətənlərimiz də iştirak etmişlər.
Hər biri 250 tirajla buraxılmış disklər hədiyyə üçün nəzərdə tutulmuşdur.