CƏMİYYƏT
Musa Quliyev: Ölkəmizin müdafiə qabiliyyətinin artırılması dövlətimiz üçün prioritet vəzifələrdən biridir
Bakı, 5 dekabr, AZƏRTAC
Bu gün dünyanın ən güclü orduları sırasında yer alan, müstəqilliyimizin, suverenliyimizin əsas təminatçısı olan qalib Ordumuzun daha da qüdrətlənməsi, ölkəmizin müdafiə qabiliyyətinin artırılması dövlətimiz üçün prioritet vəzifələrdən biridir. Bir sıra qanunlarda - “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan qanun layihələrində əksini tapan təkliflər də bu hədəfə yönəlib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin dekabrın 5-də keçirilən iclasında deyib.
O bildirib ki, yeni qanun layihələrində qeyd olunan təhsil dövrlərinin hərbi qulluqçuların öz arzusu ilə ehtiyata buraxılma müddətinə daxil edilməməsi təklifi verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə görə, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular öz arzuları ilə - yalnız zabit heyəti vəzifələrində azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılır. Həmin müddətə təhsil dövrləri də daxildir. Təhsil dövrlərinin hərbi qulluqçuların öz arzusu ilə ehtiyata buraxılma müddətinə daxil olunmaması da dövlət tərəfindən təhsilinə zaman və resurs sərf edilmiş həmin hərbi qulluqçuların əlavə təhsil alaraq öz bilik və bacarıqları ilə ordumuzun inkişafına töhfə verməkdə davam etmələrinə şərait yaradılmasını nəzərdə tutur.
Komitə sədri qeyd edib ki, təklif olunan dəyişikliklərlə əlaqədar hərbi qulluqçuların pensiya təminatında hər hansı azalma baş verməyəcək, əksinə artım özünü göstərəcək. Belə ki, əgər hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçu təminat xərcliyinin 60 faizini pensiya kimi alırsa, yeni layihələr qəbul edildiyi halda təminat xərcliyinin 5 faiz çox olmaqla, 65 faizini pensiya kimi alacaq. Digər tərəfdən, hərbi qulluqçular pensiyaya çıxarkən həm hərbi xidmətlə, həm də mülki işlərlə birgə stajları olan zaman yalnız minimum staj tələbindən çox olan hərbi xidmətin hər ili üçün 1 faiz əlavə hesablanırdı. Yeni layihələrdə həmin 1 faiz əlavənin fərq qoyulmadan - minimum staj tələbindən çox olan həm hərbi xidmət, həm də mülki işlərlə bağlı stajları üçün şamil olunması təklif edilir.