İQTİSADİYYAT
MÜSABİQƏNİN QALİBİ MƏSLƏHƏT XİDMƏTLƏRİ GÖSTƏRƏCƏKDİR
İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Rabitə Nazirliyinin tabeliyində olan müəssisələrin, eləcə də onların iştirakı ilə yaradılmış müştərək müəssisələrdəki dövlət payının səmərəli özəlləşdirilməsi üçün məsləhətçi seçilməsi üzrə müsabiqə keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Müsabiqə komissiyasının qərarına əsasən, “CA İB Corporate Finance Beratungs Ges.m.b.H.” və “OMNİ” şirkətlər konsorsiumu müsabiqənin qalibi elan olunmuşdur.
Qalib konsorsium respublikada rabitə sektorunun fəaliyyətini tənzimləyən qanunverici və normativ bazanın təhlili və rabitə sektoru haqqında icmalın hazırlanması, müəssisələrin texniki və maliyyə auditinin aparılması, müəssisə və müştərək müəssisələrdəki dövlət payının inventarlaşdırılması və beynəlxalq norma və standartlar əsasında qiymətləndirilməsi, satış prosesində müsabiqənin keçirilməsi ilə əlaqədar təşkilati işlərə kömək göstərilməsi, sərmayənin minimal həcminin müəyyən edilməsi (müştərək müəssisələr istisna olmaqla), iddiaçıların təkliflərinin qiymətləndirilməsi ilə məşğul olacaqdır.
Bundan əlavə, konsorsium özəlləşdirmə üsulu ilə bağlı tövsiyələrini satıcıya təqdim etməli, rabitə müəssisələrinin özəlləşdirilməsi prosesinə sərmayəçilərin cəlb edilməsinə və alıcı ilə imzalanacaq müqavilənin hazırlanmasına kömək göstərməlidir.
Hazırda İqtisadi İnkişaf Nazirliyi ilə adı çəkilən şirkətlər konsorsiumu arasında məsləhətçi xidmətlərin göstərilməsinə dair müqavilənin imzalanması üçün hazırlıq işləri görülür.