Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Zəfərə doğru 44 gün” adlı tədbir keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində şəhid ailələri və müharibə iştirakçıları ilə birgə 27 Sentyabr -Anım Günü ilə bağlı “Zəfərə doğru 44 gün” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a anım tədbirində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığı ilə nəticələndi.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva dövlətçilik tariximizin ən şərəfli səhifələrindən olan II Qarabağ müharibəsindən, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığından danışıb.
Daha sonra şəhid musiqiçi Tamerlan Mahmudovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş edildi. Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri, Əməkdar incəsənət xadimi Əlibala Rzayev orkestrin tuba ifaçısı olmuş Tamerlan Mahmudov haqqında xatirələrini bölüşüb.
Sonra orkestrin ifasında Tamerlan Məmmədovun iştirakı ilə dəfələrlə səsləndirilmiş əsərlərdən ibarət musiqi proqramı səslənib.
Musiqi proqramı şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş videoçarxla müşayiət olunub.