MƏDƏNİYYƏT
Musiqili Teatr Şəkidə beynəlxalq festivalda iştirak edəcək
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyi münasibətilə keçirilən IV Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səfərin Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlara təşkil edilən qastrol səfərlərinin proqramına uyğun olaraq reallaşması nəzərdə tutulub.
Musiqili Teatr dekabrın 2-də İran, Özbəkistan, Qazaxıstan, eləcə də ölkəmizin bir sıra teatr kollektivlərinin yer aldığı beynəlxalq tədbirə özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası ilə qatılacaq.
Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov oynayacaqlar.
Səhnə əsərinin rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Xatırladaq ki, IV Beynəlxalq Teatr Festivalı dekabrın 1-dən 5-dək davam edəcək.