MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS
Konfrans iştirakçıları əvvəlcə Azərbaycan Dövlət Tibb Universiteti pediatriya kafedrasının müdiri, akademik Ədilə Namazovanı 80 illik yubileyi münasibətilə təbrik etmişlər.
Sonra Komitənin AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu ilə birgə nəşr etdirdiyi “Azərbaycanda qadın məsələsi (tarix və müasirlik: XIX əsrin sonu - XX əsrin əvvəli)” kitabının təqdimatı olmuşdur. İnstitutun direktoru professor Yusif Rüstəmov, fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatları şöbəsinin müdiri professor Əli Abbasov kitab haqqında məlumat vermişlər. Tanınmış tədqiqatçıların məqalələrinin toplandığı bu kitab “Gender kitabxanası” seriyasına daxildir.
Konfransda Milli Məclis sədrinin müavini Bahar Muradova “Müstəqil Azərbaycan dövlətçiliyinin Heydər Əliyev ənənələri”, Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Müstəqil Azərbaycanın inkişafında İlham Əliyev mərhələsi”, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova “Müasir cəmiyyətdə qadın hüquqlarının təmin olunması”, təhsil nazirinin müavini İradə Hüseynova “Müstəqillik illərində təhsil: problemlər və perspektivlər”, Gender və İnsah Hüquqları Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə “Müasir Azərbaycanda gender siyasəti”, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Milli mənlik şüurunun formalaşmasında qadınların rolu”, Bakı Baş Səhiyyə İdarəsinin müdiri Leyla Seyidbəyova “Müstəqil Azərbaycanın səhiyyə sistemi” mövzularında məruzə etmişlər.
Milli Məclisin deputatları Rəbiyyət Aslanova və Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovun gender, Azərbaycanın müstəqillik tarixi haqqında çıxışları da maraqla dinlənilmişdir.
Hicran Hüseynova vurğulamışdır ki, Azərbaycanın inkişafında İlham Əliyev mərhələsi bir sıra prioritet istiqamətlər (müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin ərazi bütövlüyünün bərpası; sürətli iqtisadi inkişaf; sosial ədalət prinsipinin reallaşdırılması; Azərbaycanın dünya birliyinə inteqrasiyasının dərinləşdirilməsi; milli-mənəvi dəyərlərin dirçəldilməsi, mədəni irsimizin zənginləşdirilməsi) üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə xarakterizə olunur. Dövlət Komitəsi Prezidentin müəyyənləşdirdiyi vəzifələrin, islahatların uğurla həyata keçirilməsi işinə layiqli töhfəsini verir.
Komitə sədrinin sözlərinə görə, müasir reallığımızın ən diqqətəlayiq faktlarından birini ölkəmizdə Birinci Xanım institutunun ictimai həyatın təsirli amilinə çevrilməsi təşkil edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti müstəqil Azərbaycanın inkişafına, ölkəmizin dünya miqyasında tanınmasına böyük töhfə verməkdədir. “Mehriban xanım Əliyeva bütün Azərbaycan qadınları üçün nümunədir. Onun fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi xətti tamamlayır və davam etdirir”.
Konfransın materialları kitab şəklində nəşr olunacaqdır.