ELM VƏ TƏHSİL
Mütəxəssis: Park və bağlarda qırmızı palma böcəyi çoxalaraq sürətlə yayıla bilər
Bakı, 19 aprel, AZƏRTAC
Abşeron yarımadasının park və bağlarında, eləcə də fərdi və yaşıllaşdırma təsərrüfatlarında finik palmaları mühüm əhəmiyyət kəsb edir. Yüksək dekorativ gözəlliyə malik bu bitkiyə respublikamızda tələbat durmadan artır və onun idxal prosesini gücləndirir. Respublika ərazisinə idxal edilmiş bitki növləri ilə bərabər, onların zərərli orqanizmlərinin də ölkə ərazisinə daxil olması ehtimalı çoxalır. Belə zərərvericilərdən biri də əvvəllər ölkə ərazisində heç vaxt qeydə alınmayan, çox böyük ehtimalla əkin materialı ilə gətirilən və finik palmalarına ciddi ziyan verən qırmızı palma böcəyidir (Rhynchophorus ferrugineus Olivier).
Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu Bitki mühafizəsi laboratoriyasının müdiri Şaməddin Qəhrəmanov söyləyib. O qeyd edib ki, yarımadada qırmızı palma böcəyi çoxalaraq sürətlə yayılma imkanına malikdir. Belə ki, zərərverici aşkar olunduğu yerdən uçaraq digər ərazilərə keçir, su, külək, əkin materialı, kənd təsərrüfatı alətləri və s. vasitəsilə yayılır. Ona görə də bu təhlükəli karantin zərərvericinin respublika ərazisində yayılmasının qarşısını almaq üçün mənbələri vaxtında aşkarlanaraq məhv edilməsi üçün mübarizə tədbirləri həyata keçirilməlidir.
Abşeron yarımadası və Bakı şəhərinin yaşıllaşdırılmasında finik palmaları geniş istifadə olunduğuna görə, ilk növbədə, həmin ərazilərdə fitosanitar monitorinqlər aparılıb. Üç ədəd yaşlı finik palması kəsilərək ərazidən çıxarılıb və yandırılıb. İki ədəd palma bitkisində isə təsirli kimyəvi preparatlardan istifadə edərək zərərvericinin ocağı məhv edilib. Kimyəvi mübarizə məqsədilə imidakloprid (hekvidor) və xlorpirifos (priban) tərkibli preparatlardan istifadə olunub. Zərərvericiyə qarşı mübarizə məqsədilə ölkə ərazisində daxili karantin tədbirlərinə ciddi əməl olunmalıdır.