Muxtar respublikada əkinçilərə güzəştli şərtlərlə gübrələrin verilməsinə başlanılıb
Naxçıvan, 4 fevral, AZƏRTAC
“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikanın taxıl istehsalçılarına gübrə verilməsinə başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, cəmiyyət bazada olan texnikaları və texnoloji avadanlıqların əkin mövsümünə tam hazır vəziyyətə gətirilməsi üçün işləri də yekunlaşdırıb.
Mütəxəssislər gübrələrdən düzgün istifadənin əhəmiyyətini qeyd edirlər. Belə ki, bitkilərin qida maddələri ilə tam təmin olunmadığı şəraitdə, hətta ən yaxşı toxumdan istifadə olunsa da, aqrotexniki tədbirlər optimal müddətdə və keyfiyyətlə həyata keçirilsə də, yenə gözlənilən nəticəni almaq mümkün deyil. Buna görə də torpaq mülkiyyətçiləri erkən yazdan taxıl sahələrinin gübrələnməsini təmin etməyə çalışırlar. “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən güzəştli şərtlərlə gübrələrin verilməsi təsərrüfatçıların bu sahədə işini xeyli asanlaşdırır.
Qeyd edək ki, ötən payızda muxtar respublikada 37 min hektara yaxın sahədə taxıl əkini aparılıb. Ötən il məhsul istehsalçılarına 9 min tondan çox mineral gübrə verilib. Bu il də cəmiyyətin mərkəzi və rayon bölmələrində kifayət qədər gübrə tədarük olunub.