Naftalanda “Heydər Əliyev və Azərbaycan dövlətinin tərəqqisi” mövzusunda tədbir keçirilib
Naftalan, 24 avqust, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dövlətinin tərəqqisi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, Ulu Öndərin ölkəmizə rəhbərliyinin hər iki dövrünün əsas çağırışlarından biri azərbaycançılıq ideologiyası ətrafında sıx birliyin və sarsılmaz həmrəyliyin yaradılması olub. Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Bildirilib ki, əbədiyaşar liderin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dinamik inkişafı üçün geniş imkanlar yaradıb. Məhz bu siyasət nəticəsində sürətlə inkişaf edən müasir Azərbaycan dünya birliyində özünə layiqli yer tutub.