Naftalanda Polis Günü qeyd olunub
Naftalan, 30 iyun, E. Məmmədov, AZƏRTAC
Naftalan şəhərində Polis Günü münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanıb, sonra Dövlət Himni səsləndirilib.
Rayon polis şöbəsinin rəisi polis polkovniki Zaur Bədəlov tədbir iştirakçılarını 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə təbrik edib, respublikamızda sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılmasında, Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzər salaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmin-amanlığın yüksək səviyyədə qorunub saxlanılmasında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu danılmazdır.
Sonra daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbriki oxunub.
Xidmətdə fərqlənən şəhər polis şöbəsinin bir qrup əməkdaşı icra hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunublar. Həmçinin şəhər icra hakimiyyəti tərəfindən Ulu Öndərin 100 illiyi ilə bağlı dahi şəxsiyyətin şəkli həkk olunmuş xatirə hədiyyəsi təqdim edilib.