Naxçıvan Muxtar Respublikasında növbəti iməcilik
Naxçıvan, 2 avqust (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında ekoloji siyasət uğurla həyata keçirilir, meyvə bağlarına və yaşıllıq zolaqlarına qulluq daim diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, isti yay günlərində də iməciliklər davam etdirilir, ağaclara aqrotexniki qulluq göstərilir. Təbiətə bu cür qayğı ilə yanaşmaq Naxçıvanın yaşıl örtüyünü ilbəil zənginləşdirir, ekoloji tarazlıq qorunub saxlanır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 2-də muxtar respublikada növbəti iməcilik keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və “Dizayn Holdinq” Şirkətlər İttifaqının kollektivləri Uzunoba su anbarının yaxınlığındakı 10 hektarlıq ərazidə keçirilən iməcilikdə iştirak ediblər.
Ötən iməciliklər zamanı ərazidə 4 mindən artıq meyvə tingi əkilib, damcılı suvarma sistemi qurulub.
Avqustun 2-də keçirilən iməciliyin iştirakçıları ağacları suvarıb, budama işləri aparıb, ətrafda səliqə-sahman yaradıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib.