Naxçıvanda 99 milyon manata yaxın dəyərdə heyvandarlıq məhsulu istehsal olunub
Naxçıvan, 2 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında 62 152 baş iribuynuzlu, 415 581 baş xırdabuynuzlu heyvan, 566 460 baş quş və 57 608 arı ailəsi mövcuddur. 2025-ci ilin ilk altı ayında muxtar respublikada kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 144 milyon 969 min 600 manat təşkil edib ki, bunun da 98 milyon 962 min 300 manatı heyvandarlıq məhsullarının payına düşüb. Diri çəkidə 15 332,5 ton ət, 53 753,1 ton süd, 61 milyon 949 ədəd yumurta istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı isə 0,5 faiz artıb. Heyvandarlıqda məhsuldarlığın artırılması və genetik potensialın gücləndirilməsi məqsədilə süni mayalanma tədbirləri də davam etdirilib. Cari ilin birinci yarısında 5677 baş iribuynuzlu heyvanda süni mayalanma aparılıb, nəticədə 4782 baş buzov əldə olunub.
Muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu göstəricilər nazirlikdə heyvandarlıq sahəsinin mövcud vəziyyəti və Süni Mayalanma Mərkəzinin fəaliyyətinin geniş müzakirə edildiyi iclasda açıqlanıb.
Nazirliyin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Hüseyn Məmmədov bildirib ki, Naxçıvanda süni mayalanma işlərinə 2002-ci ildən başlanılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Süni Mayalanma Mərkəzi 2021-ci ildən fəaliyyət göstərir və hazırda bölgədə 15 süni mayalanma texniki bu sahədə çalışır. Ən intensiv fəaliyyət Şərur rayonundadır. İclasda, həmçinin damazlıq təsərrüfatlarının yaradılması, heyvanların lizinqə verilməsi məsələləri müzakirə edilib, epizootik tədbirlərin təşkili, baytar xidmətlərinin gücləndirilməsi və buzovların qeydiyyatı zamanı rast gəlinən nöqsanlar diqqətə çatdırılıb. Süni Mayalanma Mərkəzinin fəaliyyəti təhlil olunaraq təkmilləşmə istiqamətləri müəyyənləşdirilib.
Muxtar respublikanın kənd təsərrüfatı naziri Rafail Quliyev bildirib ki, fərdi baytar həkimlərinin işə yanaşması daha məsuliyyətli olmalı, Aqrar Xidmətlər Mərkəzi və regional dövlət aqrar inkişaf mərkəzləri ilə fərdi baytarlar arasında əməkdaşlıq əlaqələri gücləndirilməlidir.
Nazir maarifləndirmə işlərinin genişləndirilməsi, fermer və baytarlar üçün təlim proqramlarının keçirilməsi, habelə Süni Mayalanma Mərkəzinin fəaliyyətinin genişləndirilməsi üçün fəaliyyət planının hazırlanması barədə tapşırıq verib.
İclas qərar layihəsinin təsdiqi ilə yekunlaşıb.