Naxçıvanda ümumtəhsil müəssisələrinə 17 direktor vəzifəsi üzrə vakansiya elan olunub
Naxçıvan, 22 avqust, AZƏRTAC
Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada şagird sayı 500-dək olan ümumtəhsil müəssisələri üzrə direktor vəzifəsi üçün keçiriləcək müsabiqəyə sənəd qəbuluna başlanılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sənəd qəbulu avqustun 26-dək davam edəcək. Müsabiqəyə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi şagird sayı 500-dək olan ümumtəhsil məktəbləri üzrə 17 direktor vəzifəsi çıxarılıb.
Qeyd edək ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə ölkə üzrə mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.
Şagird sayı 500-dən artıq və Təhsil Nazirliyinə birbaşa tabe təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə qəbul isə analoji olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq edilən qaydalara uyğun aparılacaq.