Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO
Ağdam, 5 oktyabr, AZƏRTAC
Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayıl rayonunda qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, ilk dəfə ölkədə istixanaların məhz sənaye zonası, vahid məkanda təşkili nəzərdə tutulub.
“Özəl sektor tərəfindən investisiya qoyulması, kommunikasiya xətlərinin, elektrik və qaz xətlərinin isə dövlət tərəfindən çəkilməsi nəzərdə tutulub. İlk belə layihə azad olunmuş ərazilərdə, Cəbrayıl rayonunda qurulmuş Araz Vadisi Sənaye Zonasının qarşısında həyata keçirilir. Ərazinin Zəngəzur dəhlizi marşrutu üzərində yerləşməsi gələcəkdə məhsul ixracını logistik baxımdan daha da asanlaşdıracaq. Həmçinin aqrar sahədə dronların tətbiqi də genişləndiriləcək. Dron tətbiqi ölkədə yenidir. Əlbəttə ki, həm fermerlərin, həm də şirkətlərin buna alışması lazımdır. Dronların tətbiqi hazırda nəzarətli şəkildə həyata keçirilir. Düşünürük ki, dronların istifadəsi genişlənəcək. Nazirlik və Aqrar İnnovasiya Mərkəzi olaraq dron operatorlarının yetişdirilməsi, aqrar sahədə dronların istifadəsi üzrə təlimlər keçirməyə davam edirik”, - deyə nazir əlavə edib.
Müxbir - Tahir Ağaməmmədov