REGİONLAR
Nazir müavini: Azərbaycan sağlam dünya naminə əhəmiyyətli təşəbbüslərlə çıxış edir
Naxçıvan, 29 noyabr, Nail Əsgərov, AZƏRTAC
Azərbaycan da iqlim dəyişmələrinin təsirlərini hiss edən həssas ölkələrdəndir. Son 30 ilə yaxın dövrdə respublikamızın su ehtiyatları 15 faizə qədər azalıb və 2050-ci ilə qədərki dövrə aid proqnozlar da ürəkaçan deyil. Belə ki, su ehtiyatlarının daha 20 faizə qədər azalması gözlənilir. Yağıntıların miqdarının azalması su qıtlığına yol açan əsas amillərdir. Əlbəttə ki, istiləşmə, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası meşələrin seyrəlməsi və məhv olması ilə nəticələnir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfransdan sonra jurnalistlərə müsahibəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O qeyd edib ki, kənd təsərrüfatı iqlim dəyişmələrindən ən çox zərər çəkən sahədir. Həm su ehtiyatlarının azalması, həm də torpaqların deqradasiyası məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Kənd təsərrüfatı həm də iqlim dəyişmələrinə təsir edən sahədir. Belə ki, iqlim dəyişmələrini şərtləndirən, qlobal istiləşməyə səbəb olan istilik effekti yaradan qazları formalaşdıran əsas sahələrdən biri də kənd təsərrüfatıdır. Metan qazı daha çox bu sahənin istifadəçiləri tərəfindən ətraf mühitə, atmosferə atılır. Müxtəlif kimyəvi maddələrdən, pestisid və gübrələrdən istifadə olunması torpaqların keyfiyyətini aşağı salır. Bakının ev sahibliyi etdiyi COP29-da da bu təsirlərin aradan qaldırılması ilə bağlı çağırışlar oldu.
“Azərbaycan COP29-da 14 təşəbbüslə çıxış etdi. Bu təşəbbüslərdən biri də Harmoniya Təşəbbüsü oldu ki, məhz bu təşəbbüs fermerlərlə birgə Azərbaycanın kənd təsərrüfatı sahələrinin iqlim dəyişmələrinə adaptasiyası, uyğunlaşması ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan, əlbəttə ki, iqlim dəyişmələrinin təsirlərinin aradan qaldırılması ilə bağlı bütün çağırışlara dəstək verən ölkədir. Buna baxmayaraq, ölkəmiz sağlam dünya naminə bir çox əhəmiyyətli təşəbbüslərlə də çıxış edir. Halbuki, qlobal istiləşməyə təsiri olan karbon emissiyalarının yaradılmasında Azərbaycanın payı çox kiçikdir. Ancaq ölkəmiz ümumdünya naminə bütün gücünü səfərbər etməyə hazırdır və bu istiqamətdə mühüm töhfəsini verməyə qadirdir”, – deyə Vüqar Kərimov əlavə edib.