Nazir müavini: Hələlik QİÇS-in sağalma ilə nəticələnən müalicəsi yoxdur
Bakı, 1 dekabr, AZƏRTAC
QİÇS təhlükəli ölümlə nəticələnə bilən pandemik infeksion xəstəlikdir. Hazırda dünyada 38-39 milyon insan İİV-lə yaşayır. Dünyada elə bir ölkə yoxdur ki, orda İİV virusu olmasın.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, xəstəliyin aşkarlandığı 40 il ərzində onun diaqnostikası, müalicəsi və profilaktikasında böyük nailiyyətlər əldə olunub: "Əgər əvvəllər QİÇS-in effektiv müalicəsi yox idisə, diaqnostikası bahalı və uzun müddət tələb edən prosedur idisə, o zamanlar QİÇS-dən əziyyət çəkən, o cümlədən İİV aşkarlanan xəstə sanki təxirə salınmış ölüm hökmünə məhkum olunurdusa, bu gün həmin virusun sürətli aşkarlanmasının ucuz müayinə üsulları mövcuddur. Bunun əsasında qurulmuş skrininq müayinələr aparılır, bundan başqa, QİÇS-in effektiv müalicə üsulu var. Müasir müalicə üsulları, dərmanlarla İİV olan şəxslərdə həmin virusun orqanizmdə səviyyəsini çox aşağı səviyyəyə endirmək mümkündür. Nəticədə bu virus həmin şəxsdə hətta müayinə üsulları ilə tapılmır. Həmçinin başqa insan üçün yoluxduruculuq qabiliyyəti olmur. Bu, böyük bir nailiyyətdir. Lakin hələlik QİÇS-in sağalma ilə nəticələnən müalicəsi yoxdur".