Niderlandın Valkenburq bələdiyyəsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Bakı, 20 noyabr (AZƏRTAC). Niderland Krallığında fəaliyyət göstərən VVODA “Vahid, Bölünməz Demokratik Azərbaycan uğrunda Birlik” cəmiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderlandın Valkenburq bələdiyyəsinin sədri Martinus Yorlinqsin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinə sədr ilə yanaşı, bələdiyyələr ərazisində fəaliyyət göstərən Qaçqınlar Komitəsinin bir qrup işçisi, iş adamları və mətbuat nümayəndələri də daxildirlər. Nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət etmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti Balakən rayonunda da olmuşdur. Rayon icra hakimiyyətində keçirilmiş görüşdə iqtisadi əməkdaşlığa dair bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonra qonaqlar Balakəndəki konserv zavodunun işi ilə tanış olmuşlar.
Noyabrın 19-da Niderlandın nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri müzakirə olunmuşdur.
Nümayəndə heyəti noyabrın 21-dək Azərbaycanda səfərdə olacaqdır.