Nikolayevdə “Azərbaycan” ansamblının da iştirak etdiyi “Drujba” milli mədəniyyətlər festivalı keçirilmişdir
Kiyev, 25 sentyabr (AZƏRTAC). Sentyabrın 20-23-də Nikolayevdə milli mədəniyyətlərin “Drujba” Ümumukrayna illik festivalı keçirilmişdir. Ənənə üzrə festivalda Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Ukraynanın Xalq Artisti Qurban Abbasovun rəhbərlik etdiyi “Azərbaycan” xalq mahnı və rəqs ansamblı da iştirak etmişdir. Bu barədə AZƏRTAC-a Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) ictimai təşkilatında məlumat vermişlər.
Hər il Nikolayev vilayətinin Milli Cəmiyyətlər Şurası tərəfindən “İnternasionalnıy soyuz” beynəlxalq ictimai təşkilatının dəstəyi ilə keçirilən bu festivalda ölkənin müxtəlif vilayətlərinin, o cümlədən Ukraynanın qonaqpərvər gəmiqayıranlar şəhərinin milli icmalarının özfəaliyyət və peşəkar yaradıcılıq kollektivləri iştirak etmişlər. Xatırladaq ki, Nikolayev şəhərində festival 1995-ci ildən keçirilir.
Bu dəfə də festivalın iştirakçıları və qonaqları müxtəlif millətlərin etnik və müasir ənənələri ilə tanış olmuş, xalq mahnılarını dinləmiş, rəqslərə tamaşa etmiş, milli yeməklərdən dadmış, bir sözlə, xalq yaradıcılığının əhatəsində olmuşlar.
Həmvətənlərimiz çoxsaylı tamaşaçılara Azərbaycan xalqının zəngin mahnı və rəqs sənətini nümayiş etdirmiş, iştirakçıları dünyada ən yaxşı mətbəxlərdən biri sayılan milli mətbəximizin ləziz yeməkləri ilə tanış etmişlər.
Şəhər ictimaiyyətinə çoxmillətli “Nikolayev vilayəti: regionun etnik icmalarının tarixindən” elmi-populyar araşdırması təqdim olunmuşdur. Araşdırmada müxtəlif millətlərin nümayəndələrinin, o cümlədən azərbaycanlıların vilayətə gəlməsi tarixindən, onların həyat, mədəniyyət və məişətindən, etnik qrupların son 200 illik taleyindən, müasir milli-mədəniyyət cəmiyyətlərinin fəaliyyətindən və s. bəhs olunur.
“Drujba-2013” festivalı qala-konsertlə başa çatmışdır. Konsertdə “Azərbaycan” ansamblı coşqun və koloritli rəqslə çıxış etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev