Növbəti qanvermə aksiyası Samuxda təşkil olunub
Samux, 23 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən Samux Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samuxda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri könüllü olaraq aksiyaya qoşulublar və ümumilikdə 106 nəfər aksiyada iştirak edib.
Bildirilib ki, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.