Nüfuzlu “Routledge” nəşriyyatının toplusunun bir fəsli tanınmış ərəbşünas Ələsgər Məmmədova həsr olunub
Bakı, 28 fevral, AZƏRTAC
Görkəmli ərəbşünas alim, Azərbaycanda müasir ərəbşünaslıq məktəbinin banisi professor Ələsgər Məmmədovun elmi-pedaqoji fəaliyyəti yalnız ölkəmizdə deyil, Vətənimizin sərhədlərindən kənarda da maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, ictimai və humanitar elmlər sahəsində nüfuzlu nəşriyyat olan “Routledge” tərəfindən bu yaxınlarda nəşr olunmuş “Ərəb dili auditoriyasının konteksti, mətn və öyrənənlər” (The Arabic Classroom Context, Text and Learners) toplusunda mərhum professorun elmi fəaliyyətinə də yer ayrılıb, ayrıca bir fəsildə onun elmi-pedaqoji bioqrafiyası və dərslikləri barədə məlumat verilib.
Bakı Dövlət Universitetinin professoru, Ələsgər müəllimin yetirməsi Aida Qasımovanın yazdığı fəsil belə adlanır: “Azərbaycanda ərəb dilinin xarici dil kimi öyrənilməsinin tarixi: Professor Ələsgər Məmmədovun dərslikləri. Xüsusi təhlil” (The History of Arabic as a Second Language in Azerbaijan: The Textbooks of Professor Ali Asgar Mammadov, A Case of Study). Burada ölkəmizdə ərəb dilinin öyrənilməsi tarixinə qısa nəzər salındıqdan sonra Ələsgər Məmmədovun şərəfli ömür yolu və pedaqoji fəaliyyəti barədə məlumat verilir.
Məqalədə Ələsgər Məmmədovun 30-dan çox dərsliyinin elmi-nəzəri və metodik tərəfləri araşdırılır, bu dərsliklərin tələbələrə yalnız dil öyrətməyib, həm də onlara ərəb tarixi, mədəniyyət və ədəbiyyatı barədə məlumat verməsi vurğulanır. Toplunun elmi redaktoru Dyuk (Duke) Universitetinin professoru, Amerikada ərəb dilinin tədrisi sahəsində tanınmış mütəxəssis Mbaye Bəşir Lodur.
Xatırladaq ki, bu il Ələsgər Məmmədovun 100 illik yubileyi qeyd olunacaq.