SİYASƏT
NYU-YORK AZƏRBAYCANLILARI ASSOSİASİYASINA TÜRK İNTERNET-RADİOSUNDA AZƏRBAYCAN DİLİNDƏ EFİR VAXTI AYRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Nyu-York Azərbaycanlıları Assosiasiyası bu şəhərdəki türk internet-radiosunda Azərbaycan dilində 3 saatlıq veriliş yayımlanmasına nail olmuşdur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, verilişdə assosiasiyanın fəalları Azərbaycanda baş verən ictimai-siyasi proseslər, iqtisadi inkişaf, Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” iddiaları, dövlət başçısı İlham Əliyevin yürütdüyü xarici siyasət və digər aktual məsələlərdən danışmışlar.
Birinci verilişdən sonra xeyli dinləyici Nyu-York Azərbaycanlıları Assosiasiyasına Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, ədəbiyyatı, adət-ənənələri haqqında vaxtaşırı məlumat verilməsi ilə bağlı müraciət etmişdir. Bu tələbatı müzakirə edən qurumun və radionun rəhbərliyi həftədə 2-3 dəfə Nyu-York Azərbaycanlıları Assosiasiyasına Azərbaycan dilində verilişlər yayımlamaq üçün efir vaxtı ayrılması barədə qərar qəbul etmişdir.
Assosiasiya rəhbərliyi bu verilişlər üçün ilkin plan da tərtib etmişdir. Plana uyğun olaraq, ayrılmış efir vaxtında əsasən Azərbaycandan olan mühüm xəbərlər, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və bu barədə əsl həqiqətlər, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və milli musiqisindən seçmələr, eləcə də hər bazar günü saat 13-dən 14-dək milli muğamlarımız səsləndiriləcəkdir.
Amerikada çalışan türk iş adamlarının yaratdığı bu radio sutkanın 24 saatı ərzində fasiləsiz fəaliyyət göstərir.