O, BÜTÜN DÜNYA AZƏRBAYCANLILARININ LİDERİ İDİ
1974-cü ildən taleyini Moskva şəhəri ilə bağlamış OSMAN XƏLİLOV AZƏRTAC-ın müxbirinə demişdir: “Heydər Əliyev bütün türk dünyasının böyük oğlu idi. Hələ Azərbaycan DTK-nın sədri işləyəndə, respublikaya rəhbərlik etdiyi 70-ci illərdə böyük nüfuz qazanmışdı. Siyasi Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçilib nəhəng ölkənin rəhbərlərindən biri olanda isə türk dünyasının iftixarına çevrildi. Biz onunla öyünürdük. M.Qorbaçov və güruhu xəyanət etməsə idi, bu Böyük Türk ərazisində günəş batmayan qüdrətli dövlətin rəhbəri olacaqdı. Onun hər addımını iftixarla izləyirdik. Azərbaycanın ağır günlərində hakimiyyətə qayıdıb onu parçalanmaqdan, məhv olmaqdan xilas edəndə tarixi vətəndən kənarda yaşayanlar böyük qürur hissi keçirdilər. Çünki çox az dövlət başçısı o ağır sınağa tab gətirə bilərdi. Heydər Əliyev qüdrəti bütün maneələri aradan qaldırıb Azərbaycanı dünya birliyinin tamhüquqlu üzvü etdi. Onun “Azərbaycançılıq” ideyası taleyin hökmü ilə dünyaya səpələnmiş soydaşlarımızın mütəşəkkilliyinə təkan verdi. Müdrik siyasətçinin təşəbbüsü ilə Bakıda dünya azərbaycanlılarının qurultayı keçiriləndən sonra bu mütəşəkkillik daha da artdı. Forumdan sonra qeyd-şərtsiz bir həqiqət etiraf olundu: Heydər Əliyev bütün dünya azərbaycanlılarının lideridir. Məhz əbədi liderimizin sayəsində diasporumuz formalaşmışdır və getdikcə güclənir. Dünya şöhrətli dövlət xadimi harada yaşamasından asılı olmayaraq, azərbaycanlıları birləşmiş, yekdil görmək istəyirdi. Əbədi liderimizin bu vəsiyyəti yerinə yetiriləcəkdir. Allah rəhmət eləsin, qəbri nurla dolsun”.