OKTYABRDA BBVB-NİN VALYUTA BÖLMƏSİNDƏ ƏQDLƏRİN HƏCMİ 2,45 DƏFƏ AZALIB
BBVB-nin informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hərracların ümumi həcmində ən yüksək paya malik olan lider banklar qrupuna “Əmrahbank” kommersiya bankı, Birləşmiş Universal Səhmdar Bankı (BUSB), Azərbaycan Beynəlxalq Bankı, “Azəriqaz” səhmdar-sərmayə bankı və “İş Bankası Azərbaycan” MKB daxildir.
Bu ilin oktyabrında BBVB-də ABŞ dolları üzrə keçirilən hərraclarda 26 bank iştirak etmişdir. Ötən ay ərzində 20 hərrac sessiyası keçirilmiş və 172 əqd bağlanmışdır. Oktyabr ayında birjanın valyuta bölməsində ABŞ dolları üzrə hərracların ümumi həcmi 118 milyard 224 milyon manat və ya 38,365 milyon ABŞ dolları təşkil etmişdir.
Cari ilin sentyabr ayı ilə müqayisədə hesabat ayında hərracların həcmi 2,45 dəfə azalmışdır ki, bu da malların və xidmətlərin idxal və ixrac əməliyyatlarından asılı olan bazarın konyukkturluğu ilə izah olunur. EHBS-də ABRO (EUR) üzrə oktyabr ayında keçirilmiş hərracların həcmi 977 milyon manat təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, AZM-in ABŞ dollarına nisbətdə orta hesablanmış məzənnəsi sentyabrda 1 USD üçün 4905,14 manat təşkil etdiyi halda, oktyabr ayında bu göstərici 4906,13 manata bərabər olmuşdur.